Əsas məzmuna keç

Sərbəst şeir

Ata-Beyti ziyarət

Zəlimxan Yaqub

2
(Çingiz Aytmatovun məzarı başında düşüncələr) Bişkəkdən Pamirin ətəklərinə bir yol uzanır. Həsrət və nisgil, heyrət və sevgi dolu duyğularla dağlara qalxıram. Bu dağların ətəklərində mübarək bir ziyarətgah var. XX əsr dünya ədəbiyyatının ən böyük yazıçılarından biri olan Çingiz Aytmatovun məzarını ziyarətə can atıram. O yerə can atıram ki, orda qanlı Stalin rejiminin günahsız qurbanları içərisində Çingiz Aytmatovun atası Terequl kişi də var. Çingiz Aytmatov öz vəsiyyətinə görə atası uyuyan yerdə torpağa tapşırılıb. Hələ ki, üstündə xatirə abidəsi ucaldılmayıb. Hələ ki, xatirə abidəsini qəbrinin üstündə dağ kimi ucalan güllər-çiçəklər əvəz edir.

“Çingizxanın ağ buludu” başının üstə, Ata-Beytə, xan Çingizə salam göndərir. Burda Quran dilə gəlir, Manas oxunur, Tanrı sənə dərgahından kəlam göndərir.

Yoxluğunu, həsrətini düşünəndə mən, Ayağımın altındakı torpaq, daş qaçır. Ulduzlara baxa-baxa Çingiz axtarır, Bir “dənizin sahiliylə alabaş qaçır”.

Yetimliyin heç bir zaman açılmır donu, Hər yetimin qəlbindəki bir qarlı qışdı. Sənin körpə ürəyini yetmiş il əvvəl, Terequla dəyən güllə yaralamışdı.

Qırğız ruhlu Manas oğlu, Talas övladı, Ata-Beyti öz arzunla seçdinmi gəldin? Damağında sərt ölümün qorxulu dadı, Otuz yeddi tufanından keçdinmi gəldin?

Nayman ana tanıdımı öz balasını, Ana maral qəbrin üstə gəlib yatdımı? Qara yellər aman vermir Sarı-Özəkdə, Yedigeyin duaları sənə çatdımı?

Baş pozulur, huş dağılır, yaddaş itirsə, Nə insanın, nə millətin sabahı yoxdu. Düz söylədin, haqq söylədin, Çingizim mənim, Manqurtlaşan bir bəşərin Allahı yoxdu.

Ata bilməz, yurd anlamaz, ana tanımaz, Haram olsun öz kökünü unudanlara. Salam olsun manqurtluğun faciəsini, Həm özünə, həm özgəyə tanıdanlara.

Çox yazılar toz altında itib-batacaq, Çox imzalar varmı-yoxmu, bilinməyəcək. Nayman ana fəryadına daşlar əriyər, Min il keçsə yaddaşlardan silinməyəcək.

Balıq-Qadın səndən ötrü göz yaşı töküb Cəmilələr görüşünə gələcək sənin. Çatlatmazdı Gülsarını dağ boyda dərdlər, Xiffətindən, həsrətindən öləcək sənin.

Ozanlar da, akınlar da səs-səsə versin, Bu dünyaya Çingiz adlı bir dastan gəlir. Ruhundakı müqəddəslik Bilgə xaqandan, Sözündəki tükənməzlik Manasdan gəlir.

Hər gün səni düşünürdü, səni anırdı, Qərbi Şərqə, Şərqi Qərbə bağlayan qatar. Dünən sənin varlığınla qanadlanırdı, Bu gün sənin yoxluğuna ağlayan qatar.

O qatarlar şütüyəcək belədən-belə, Arxasınca min əl qalxıb, min göz baxacaq. O qatarın hər işıqlı pəncərəsindən, Terequlun yadigarı Çingiz baxacaq!

Bişkək, 2009, iyul

Zəlimxan Yaqub
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.