Ata-ana
Xeyrə də, şərə də qardaş olmuşam, Bir gün toydayamsa, bir gün yasdayam. Qəlbimdə dünyanın dərdi, sevinci, Gah şeir məclisində, gah iclasdayam.
Bəzəyib ömrümü yollar, cığırlar, Gah dağda gəzmişəm, gah da aranda. Gözüm bulaqların gözünə düşüb, İçmişəm suları dan qızaranda.
Vaxt olub, fərəhdən dönmüşəm dağa, Yeddi rəng gözümdə yetmiş rəng olub. Ellərin alqışı gül-çiçək kimi, Başımda qızılı bir çələng olub.
Ziyarət bilirəm doğma kəndimi, Oğlu sayıldığım böyük şəhər var. Birini deyirəm, yüz biri qalır, Kim bilir qəlbimdə hələ nələr var.
Gəzsəm də aləmi mən qarış-qarış, Keçsə də günlərim toyda-düyündə, Qəlbimin, eşqimin böyüklüyünü Görmüşəm ellərin böyüklüyündə.
Ev də dinə gəlib, imana gəlib, Bir yerdə olanda anam, atam, mən. Qohumlu, qonşulu, elli, obalı Qardaşlı, bacılı Kainatam mən.
Nə çoxdu dünyanın qarlı dağları, Nə çoxdu dənizlər, qədimdən qədim. Ata! Səndən uca, səndən qarlı dağ, Ata! Səndən dərin dəniz görmədim.
1973, 14-16 dekabr