Əsas məzmuna keç

Qəsidə

A.S.PUŞKİN HAQQINDA

Seyid Əzim Şirvani

2

Təaləlla, zəhi-qadir, əlimü əqdəsü əla – Ki, məcmui-cahanı altı gündə eylədi peyda.

Qılıb altıncı gün öz surətində xəlq insani, Ədən bağında qoydu şadü xürrəm yavəri Həvva.

Onun nəslində qoydu bir nicat əhlin ki, aləmdə Onunla pak oldu məsiyətdən mərdümi-dünya.

Nizami-aləmin icrasına hər qərndə bir kəs, Rəisül-qövm olubdur ki, dolansın aliyü ədna.

Vücudə gəldi rusi-pürhünər Nuh oğlu Yafəsdən, Dəmi-təqsimdə mülki-şimali etdilər məva.

Həman rusun adilə adlanıbdır mülki-Rusiyyə Və lakin dillərində var idi çox kəsrlər peyda.

Zəbani-rusi asan etməyə təqrirü təhrirə, Əgərçi xeyli zəhmətlər çəkib hər arifü dana.

Vəli bu axırıncı dəfədə bir əfsəhü əkməl Lisanü həm lüğati-rusi etdi tazədən ehya.

Aleksandr kim oldur Sergeyeviç Puşkin ləğəb şair, Neçə nafe kitab etmişdi ol şirinsüxən inşa,

Məcalislər tapıb ziynət o pakın nəsrü nəzmindən – Ki, guya hər kitab İncildir, təhrir edən Luqa.

Romanlar kim edib təhrir ol sərdəftəri-ürfan, Əgər guş etsə zövqündən onun Məcnun olur Leyla.

Driğa, getdi dünyadən o şəxsi-arifü kamil! Onun cənnətdə ruhun şad qılsın həzrəti-İsa.

Əgərçi öz həyatında görübdür çox nəvazişlər, Vəli, bəd əz vəfat oldu ona həm hörməti-üzma.

Hümayi-mülkü dövlət, imperaturi-müəzzəmdən Çıxıb fərman bu kim, təmir olunsun mərqədi-vala.

Olub təmir o valanın məzarı hökmi-şah ilə, Şəhənşahi-müəzzəm qıldı öz asarını ibqa.

Xudaya, baqi olsun dövləti-sultan Aleksandr – Ki, əhli-elmə etdi ehtiram ol şahi-bihəmta.

Nəinki əhli-elmə hörmət eylər öz həyatında, Vəfatından sora elm əhlinin namın qılır ehya.

Zəhi sultani-adil qədrdan kim, zati-valası, Tapıbdır rəfət ilə cümleyi-aləmdə istisna.

Həmişə qıl dua, Seyyid, bu şahi-qədrdan üçün – Ki, oldur əhli-Qafqazə vəliyyi-neməti-kübra.

İlahi, qıl özin, qardaşların, həm oğlunu daim, Bəlalərdən səlamət, cümleyt-düşmənlərin rüsva.

Seyid Əzim Şirvani
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.