Aşıq Şəmşirlə
Zəlimxan Yaqub
Sənsiz Kəlbəcərdə darıxmazmı saz, Yatma, bu yastıqdan dur, Dədə Şəmşir. Ellər məclisinə bərəkət kimi Yağsın sifətindən nur, Dədə Şəmşir.
Aşıq Şəmşir
Dürlü sözün nələr saldı yadıma, Düşdü xəyalıma hara, Zəlimxan. Ata övladına həsrət qalımı, Sənətkarı axtar, ara, Zəlimxan.
Zəlimxan Yaqub
Gümüşü tellərə çəkilsin sığal, Ruhuma naxışdı hər vurulan xal. Ömrün doxsanında “Qəhrəmanı” çal, Desinlər eşqinə kür, Dədə Şəmşir.
Aşıq Şəmşir
Sığallı tellərə nə lazım sığal, Fəhmimdə fərasət, başımda kamal. Bir “Cəngi” oxuyum, eşit, ləzzət al, Səs yayılsın o dağlara, Zəlimxan.
Zəlimxan Yaqub
Gör nələr yetirib bu ana torpaq, Atalar kök olub, oğullar budaq. Qurbanın əliylə çatılan ocaq Gur olsun, daha da gur, Dədə Şəmşir.
Aşıq Şəmşir
Vuraq təzənəni, tel budu, dostum, Duraq xidmətində, el budu, dostum. Qurbanın qoyduğu yol budu, dostum, Rəhmət böyük sənətkara, Zəlimxan.
Zəlimxan Yaqub
Gəl qoyma cavabsız sual-sorğunu, Etmə Zəlimxanı illər yorğunu. Ceyran bulağından soruş Vurğunu, Məclisi təzədən qur, Dədə Şəmşir.
Aşıq Şəmşir
Fikir ver Şəmşirin çəkdiyi aha, Söz ağır getməsin qadir Allaha. Vurğunu çağırmaq çətindir daha, Qövr edir sinəmdə yara, Zəlimxan.