Aşıq Qərib sazının telindəki pas mənəm
Qəlbimin aynasına daş atanlar olsa da, Ruhu çeşmədən duru, sözü güldən xas mənəm. Bulud görsəm ağlaram, yağış görsəm çağlaram, Hər şeyin divanəsi, hər şeyə həssas mənəm.
Hər talesiz taledə gözlərimin nəmi var, Dastanlarda ömrümün min sevinci, qəmi var. Dərdimin dənizində üzən neçə gəmi var, İçimdəki sulara baş vuran qəvvas mənəm.
Ən nəmli bulud da mən, ən qəmli sükut da mən, Neyə dönən qamış da, saza dönən tut da mən, Ürəkləri göynədən ən ağır tabut da mən, Şəhid analarının qəlbindəki yas mənəm.
Ömrün ağ varağına qara-qara xətt düşür, Hər kim qərib olursa, payına qürbət düşür. Sevənlərin bəxtinə həmişə həsrət düşür, Aşıq Qərib sazının telindəki pas mənəm.
Yaralar sağalmadı, yaramı qan apardı, İtkilər, iniltilər canımdan can apardı. Gülgəzimin köçünü Dəli Becan apardı, Tufanası dağılmış Tufarqan Abbas mənəm.
2004, 20 oktyabr