Əsas məzmuna keç

Gəraylı

Aşıq Kamandarla

Zəlimxan Yaqub

1

Zəlimxan Yaqub

Dünya bülbüllü bir bağdır, Sən ötməsən, mən ötmərəm. Bu sehrdən, bu sevdadan Sən getməsən, mən getmərəm.

Aşıq Kamandar

Bu dünya bir güllü bağdır, Sən açmasan, mən açmaram. Öz ətrini bənövşətək Sən saçmasan, mən saçmaram.

Zəlimxan Yaqub

Biz bir eşqin butasıyıq, Gülü gülə tutasıyıq. Bir çəməndə bitəsiyik, Sən bitməsən, mən bitmərəm.

Aşıq Kamandar

Hikmət var, hikmət doludur, Ulusdan, eldən uludur. Mənim yolum haqq yoludur, Sən çaşmasan, mən çaşmaram.

Zəlimxan Yaqub

Qalalar var, yapan mənəm, Qayalar var, çapan mənəm. Səni məndə tapan mənəm, Sən itməsən, mən itmərəm.

Aşıq Kamandar

Halallıq axsa qanından, Od törəyər od canından. Həqiqətin meydanından Sən qaçmasan, mən qaçmaram.

Zəlimxan Yaqub

Tər çiçək ollam yazına, Gümüş tel ollam sazına. Zəlimxanam, murazına Sən yetməsən, mən yetmərəm.

Aşıq Kamandar

Kamandaram həvəsində, Yurd-yuvam var nəfəsində. Ariflərin məclisində Sən coşmasan, mən coşmaram!

Zəlimxan Yaqub
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.