Aşıq Kamandara məktub
Ağrını, azarı qoyma yaxına, Durma, usta tərpən, usta Kamandar. Tutular gözlərim, yanar ciyərim, Görsəm o telləri pasda, Kamandar.
Bəzəsin məclisi söhbətin xası, Qoyma göz açmağa nisgili, yası. Amandı, quyudan qurtar Abbası, Saxlama Gülgəzi yasda, Kamandar.
Sazdı, havacatdı könlümün yarı, Odur Zəlimxanın dövləti, varı. Beş gün ömrüm olsa, bölərəm yarı, Verrəm sənin kimi dosta, Kamandar.