Əsas məzmuna keç

Qoşma

Aşıq Kamandara

Zəlimxan Yaqub

1

Əkdiyin gülləri, gəzdiyin bağı, Bağban ol, doyunca qoxla, Kamandar. Vaxtsız ayrılığı, vədəsiz köçü, Sazın ovsunuyla oxla, Kamandar.

Zaman yağdırsa da saça qarını, Vermisən ellərə eşqin barını. Tərlan duruşunu, şah vüqarını, Yüzdə də beləcə saxla, Kamandar.

Dil ver avazınla lal qayalara, Dilindən süzülən bal qayalara. Taleyin bənzəsin sal qayalara, Nə əyil, nə də ki, laxla, Kamandar.

Ruhunla Qorqudtək qocalardasan, Ahınla tüstülü bacalardasan. Bəndə dərgahından ucalardasan, Tanrı dərgahını haxla, Kamandar.

Əsən küləklərlə yarışmağı var, Sellərə, sulara qarışmağı var. Şairdi, küsməyi, barışmağı var, Hərdən Zəlimxanı yoxla, Kamandar.

Zəlimxan Yaqub
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.