Aşıq Hüseyn Saraçlı dastanı
Məhlə aşığı deyil, yurd-mahal aşığıydı, Bal dilli millətimin dili bal aşığıydı. Meydanda Qoç Koroğlu, Rüstəm-Zal aşığıydı, – Aşıq Hüseyn Saraçlı.
Allah sözü-söhbəti tökərdi bacasından, Almışdı öz dərsini xocalar xocasından, Doluydu, müdrik idi min ilin qocasından, – Aşıq Hüseyn Saraçlı.
İncə bel, enli kürək, eşmə bığ, meydan sinə, Gözündə güllü yaylaq, xəyalında dağ-binə, Qartal kimi qonardı dağların zirvəsinə, – Aşıq Hüseyn Saraçlı.
Beldə gümüşü kəmər, başda buxara papaq, Göz sevgi sultanlığı, sinə alışan ocaq, Doğulmuşdu elə bil min il bizlərdən qabaq, – Aşıq Hüseyn Saraçlı.
Bir köhlən at varıydı – ər oğlu ər minərdi, Hər axşam sığal çəkib, qalxıb səhər minərdi, Bədöy atlar seçərdi, qaşqa kəhər minərdi, – Aşıq Hüseyn Saraçlı.
Ayaqları öpərdi gümüşü üzəngini, Qartal qanad salardı oxuyanda “Cəngi”ni, Qatardı söhbətinə yerin, göyün rəngini, – Aşıq Hüseyn Saraçlı.
Sazının laylasında neçə aşıq böyütdü, Neçə şairi xalqa yar-yaraşıq böyütdü. Bizdə bir sənət adlı sönməz işıq böyütdü, – Aşıq Hüseyn Saraçlı.
Təbriz, Dərbənd, Borçalı, Göyçə, Naxçıvan oldu, Ömrün yetmişində də oğlantək cavan oldu. Söz-söhbəti axarlı, ləhcəsi rəvan oldu, – Aşıq Hüseyn Saraçlı.
Seçərdi deyimlərin yaxşısından, eyindən, Sözü candan gələrdi, səsi başdan, beyindən, Od almışdı Tanrının kamanından, neyindən, – Aşıq Hüseyn Saraçlı.
Naləsiydi “Mansırı”, fəryadıydı “Bəhmanı”, Bir ozan geyimiydi səliqəsi, sahmanı, Ürəklərin dostuydu, könüllərin mehmanı, – Aşıq Hüseyn Saraçlı.
Dilinin şah damarı Şenlik, Şair Nəbiydi, Onun qoşa qanadı elmiydi, ədəbiydi. Çayların axarıydı, çeşmələrin təbiydi, – Aşıq Hüseyn Saraçlı.
“Atüstü” havasına çəkəndə bayatını, At üstündə görərdi hər kəs öz həyatını. Saz ilə tanıdardı hər kəsə öz zatını, – Aşıq Hüseyn Saraçlı.
Gözlərini açanda qan gördü, qada gördü, Dərdi dərin bir dəniz, özünü ada gördü, Bəxtini Tahir kimi qanlı dəryada gördü, – Aşıq Hüseyn Saraçlı.
Xalları seçilərdi şirin xallar içində, Başdadı daim yeri əhli-hallar içində, Gəzdi qəmli fikirlər, xoş xəyallar içində, – Aşıq Hüseyn Saraçlı.
Nəfsi halala qondu, halaldan safa çatdı, Səsi Ağrıya yetdi, Ağrıdan Qafa çatdı, Naxçıvana yetişdi, Qasım Sərrafa çatdı, – Aşıq Hüseyn Saraçlı.
Çox yerdə qərar tutub, bilən bilir kimdədi, Sazdadı, mizrabdadı, pərdədədi, simdədi, Dörd ünsürün cəmində, on iki iqlimdədi, – Aşıq Hüseyn Saraçlı.
Onu sazdan yaratdı, sözdən doğdu anası, Ozan ömrü, saz ömrü həyatının mənası. O mənim Şəmsim oldu, mən onun Mövlanası, – Aşıq Hüseyn Saraçlı.
Can dedi, can eşitdi, eşqi bir cahan oldu, Məclisindən doymadıq, sübh açıldı, dan oldu. Bir dastan aşığıydı, dillərdə dastan oldu, – Aşıq Hüseyn Saraçlı.
Gözdədi, könüldədi, nəfəsdədi, candadı, Düşüncədə, fikirdə, ilikdədi, qandadı, Toxumla torpaq kimi hər gün Zəlimxandadı, – Aşıq Hüseyn Saraçlı.
2006, sentyabr–noyabr Bakı–Kislovodsk