Əsas məzmuna keç

Deyişmə

Aşıq Ələsgərlə Zöhrə

Aşıq Ələsgər

1

Ələsgər Söylə, qasid, müxtəsəri-vəssalam, Ərzimi canana dedin, nə dedi? Bülbül tək asmana yetişib nalam, Səhni-gülüstana dedin, nə dedi?

Zöhrə Gedib ərzi-halın yara söylədim, İnciməsin məndən canana, - dedi. Zülm əliynən məni yada verirlər, Viran qalsın belə zamana, - dedi.

Ələsgər Yadıma salanda boy-büsatını, Xəstə könlüm minir eşqin atını, Gah axtarır yerin yeddi qatını, Gah çıxır asmana, dedin, nə dedi?

Zöhrə Nakəs müxənnətin boynu vurulsun! Vay düşsün evinə, şivən qurulsun! Məhərrəmin oğlanları qırılsın! Qalmasın yurdunda nişana! - dedi.

Ələsgər Aşıq oldum bir nainsaf millətə, Qolu bağlı məni verir cəllada. İncilə, Zəbura, Söhfə, Tövrata, And verrəm Qurana, dedin, nə dedi?

Zöhrə Seyraqublar aralığı qatdılar, Zülm ilə boynuma kəmənd atdılar, Atam, anam məni pula satdılar, Onlar yetişməsin imana, - dedi.

Ələsgər Kəc dolandırmasın xam xəyalını, Yar sevən istəməz dünya malını. Yazıq Ələsgərin ərzi-halını Sərvi-xuramana dedin, nə dedi?

Zöhrə Zöhrəyəm, sinəmdə dərdü qəm çoxdu, Üstümə tökülən peykandı, oxdu. Dünyada ədalət, haqq divan yoxdu, Yetirə dərdimi dərmana, - dedi.

Aşıq Ələsgər
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.