Aşıq Ələsgərlə Zodlu Məhəmməd
Məhəmməd Yaxşı sözlər deyib, nəzmə çəkibsən, Var əllərin bu dünyada var olsun! Heyifdi salmasın özün avaza, Qorxum budu, axırında xar olsun.
Aşıq Ələsgər "Çəkibdi" deməkdə sözün qələtdi, Kəlamın özünə aşikar olsun. İnşallah, heç yerdə qalmaz avara, Bir qula ki Şahi-Mərdan yar olsun.
Məhəmməd Yalqız görən cəngahada özünü, Yəqin etməz mütaliə sözünü. Oyansın qəflətdən, açsın gözünü, Beş gün bu dünyada dəm bidar olsun.
Aşıq Ələsgər Xoş xətt ilə xub yazıbsan yazını, Haqq desən, eylərəm qəbul sözünü, Bəd danışsan, ağladaram gözünü, Sübhi-şam, dəmbədəm əşki-bar olsun!
Məhəmməd Axunda əl qatıb, çox da laf etmə, Kalamım zülfüqar, dini unutma, Hər çuğul sözünün dalınca getmə, Arif olan kəsdə gərək kar olsun.
Aşıq Ələsgər Axund gərək əyri yola getməsin, Haqqın kalamına yalan qatmasın, Heyvana dolaşıb, övrət tutmasın, Alimdə də gərək etibar olsun.
Məhəmməd Biz baxmarıq o sazların rənginə, Elmin yetməz ariflərin dənginə, Düşərsən bir əjdahanın cənginə, İstəmə gen dünya sənə dar olsun.
Aşıq Ələsgər Mövladan dərs alan heç düşməz ləngə, Pünhan tutma məni topa, tüfəngə. Mənlə bəhs eyləyən gəlməsə cəngə, .............................................................
Məhəmməd Doğrudu, xalq deyir, ondan bizə nə? Adamdı fikr etsin özü-özünə. Həcv deyən qaynatanın üzünə, Şəriətdə gərək səngsar olsun.
Aşıq Ələsgər Bir qaynata ədəbini bilməsə, Haqqı tanımasa, namaz qılmasa, Ruhan məclisində adam olmasa, El yanında gərək şərmsar olsun.
Məhəmməd Kamal dərk et, özün çəkmə əlaya, Bica qilü-qalı salma araya, Cavansan, başını salma bəlaya, Adın bədnam olub, iş dişvar olsun.
Aşıq Ələsgər Dərs almışam o Əliyyi-Əladan, Xövf etmərəm Xeybər kimi qaladan. Bizə qismət olub qali-bəladan, Deyək, gülək, aləm mürğzar olsun.
Məhəmməd Kamalda acizsən, yazıq, biçara!.. Bir ixtiyar əldən getsə, nə çara?! Girmə bu cəngaha, qalma avara, Nə lazım pis adam aşikar olsun.
Aşıq Ələsgər Sidqini bağlayan Şahi-Heydara, İnşallah, heç yerdə qalmaz avara. Hər kəs bel bağlasa qəni səttara, Hər elmdən gərək xəbərdar olsun.
Məhəmməd Dünyada mən bir zad bilməm özümü, Allah bilir, haqq yazaram yazımı, Bu barədə qəbul eylə sözümü, Məbadə ki sənə nagüvar olsun.
Aşıq Ələsgər Şirin ləhcə, xub yazıbsan kalamı, İnsaf məqamında qəbl eylər hamı. Nizami, Füzuli, Firdövsi, Camı - Nə həddi var sənə barabar olsun!
Məhəmməd Çuğulun sözünü bir zada sayma, Göz aç bu xabidən, qəflətə uyma! Heç kəs ilə pəncə-pəncəyə qoyma, Heyifsən, bu ismin bərqərar olsun.
Aşıq Ələsgər Ələsgərəm, ismim deyim aşikar, Qədir bilən dosta başü can nisar! Təvəlla, təbərra şəriətdə var, İstəyən şad olsun, düşmən kor olsun!