Əsas məzmuna keç

Deyişmə

Aşıq Ələsgərlə Şair Vəli

Aşıq Ələsgər

1

Aşıq Ələsgər Qəza vurdu, baxtım tapdı tənəzzül, İqbalım idbara döndü, nə döndü! Can deyən dostlarım, şux gözəllərim Ovsun almaz mara döndü, nə döndü?

Şair Vəli Qəm bəzirganıyam, dərdə giriftar, Dünya mənə dara döndü, nə döndü! Bu miskin dərdimin nə dərmanı var, Yanıb bağrım nara döndü, nə döndü!

Aşıq Ələsgər Dad sənin əlindən çərxi-kəcmədar! Günüm qara keçdi, işim ahu-zar. Hay vurdum, qıy vurdum, gətirməz şikar Tərlan baxtım sara döndü, nə döndü!

Şair Vəli Səndən ayrı düşdüm, şahım, şahbazım, Saçın qədərincə qəzəllər yazım! Laçın kimi şikar vuran avazım Küsüb ovdan, tara döndü, nə döndü!

Aşıq Ələsgər Fərhad gördü, sevdi, Şirin camalın! Şirin dost əlindən şirin cəm alın! Şirincə dövlətin, şirincə malın Axrı zəhrimara döndü, nə döndü!

Şair Vəli Vəliyə qəmxardır bu qürbət ellər, Bağbansız bağçada açılmaz güllər. Uçdu yuvasından şeyda bülbüllər, Gül oylağı xara döndü, nə döndü!

Aşıq Ələsgər Bu dərd qaldı Ələsgərin canında, Haqq-nahaq seçilər haqq divanında; Gövhər zibil oldu nadan yanında, Dünya mana tara döndü, nə döndü!

II

Aşıq Ələsgər Axşam, sabah, çeşmə, sənin başına Bilirsənim necə canlar dolanır? Alma yanaq, büllur buxaq, ay qabaq, Şahmar zülfü pərişanlar dolanır.

Şair Vəli Sədri xallı, qarlı Qoşqar, köksündə Göyə qalxıb, nə tərlanlar dolanır. Haramı baxışlı, şah qələm qaşlı, Tuti dilli dürr dəndanlar dolanır.

Aşıq Ələsgər Afərin xudanın haqq-sayına! Camalları bənzər bayram ayına. Belə gözəllərin xaki-payına Mənim kimi çox qurbanlar dolanır.

Şair Vəli Axşam, səhər başın olur bahar, yaz, Kəklik kimi xoşa gəlir xoş avaz; Dəstə-dəstə bəri gələn sərvinaz, Sərvi boylu nə qılmanla dolanır.

Aşıq Ələsgər Gördüm gözəlliyin mana bildirir, Qaş oynadır, xəstələri güldürür, İşvəyi nazınan adam öldürür, Qəmzəsində nahaq qanlar dolanır.

Şair Vəli O günəş gözlülər, hilal qaşlılar, Yorğun maral kimi xoş baxışlılar, Tirmə şal geyimli, qarğı saşlılar, Hər tərəfə zər nişanlar dolanır.

Aşıq Ələsgər Məni qoca gördü, ürbəndin açdı, Ala gözlərinə gözüm sataşdı, Huş başımdan getdi, xəyalım çaşdı, Mürği-ruhim asimanlar dolanır.

Şair Vəli Mehmanındır yaşılbaşlı sonalar, Cəllad kimi süzgün baxar, can alar, Cismi insan, cinsi mələksimalar, Təzə məhbub, nocavanlar dolanır.

Aşıq Ələsgər Adım Ələsgərdi, Göyçə mahalım, Dolanım başına, qadanı alım; Camalın şövqündə xəstə xəyalım Pərvanadı, şəmistanlar dolanır.

Şair Vəli Abi-həyat verir onlar nasağa, Əcəb seyrəngahsan ayna qabağa. Yaxşıya, yamana, qiymət qoymağa Vəli kimi göhərkanlar dolanır

Aşıq Ələsgər
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.