Əsas məzmuna keç

Deyişmə

Aşıq Ələsgərlə Həcər xanım

Aşıq Ələsgər

1

Aşıq Ələsgər Həcər xanım, qaşın, gözün təhrində Xətt yazsam Quranda ayə düşərmi?! Götürsən niqabı mah camalından, Hüsnün nuri-təcəllaya düşərmi?!

Həcər xanım Loğmadan kəc olan, nütfədən əyri Yüz dərs alsa, pür kamala yetişməz. Bir qul düz dolansa haqqın yolunda Qəza tapmaz, ona bəla yetişməz.

Aşıq Ələsgər Saxlasan qapında mən ollam nökər, Dişlərin mirvari, dodağın şəkər, Səni sevən bu dünyadan əl çəkər, Daha qeyri təmannaya düşərmi?!

Həcər xanım Qəza insanatı tənabdan asar, Leyli-nahar muşdu, cəhd eylər kəsər, Əjdaha ayaqdan çəkər sərasər, Əlləşər barmağı bala yetişməz.

Aşıq Ələsgər Gözəl arif olub, mətləb qanmasa, Yayınıb, yaşınıb daldalanmasa, Aşıq müştaq olub, qəlbi yanmasa, Bir bu qədər ilticaya düşərmi?!

Həcər xanım Gər hökmün işləsə Qaf ilə Qafa, Bihuda xərc çəkmə əfsana, cəfa, Qəvvas tapar ləli satar sərrafa, Nə aşığa, nə abdala yetişməz.

Aşıq Ələsgər Qamətin mələkdi, hüsnün pəridi, Könül gözlərinə çox müştəridi, Camalın şoxundan cismim əridi, Zülfündən üstümə saya düşərmi?!

Həcər xanım Eşit, bu sözləri saxla yadigar; Gözəllərdə həya, iyidlərdə ar. Axmaq köpək qaysavadan pay umar, Nahaq düşüb o xəyala, yetişməz.

Aşıq Ələsgər Yazıq Ələsgərin var etiqadı, Möhr olunub gözəlliyin baratı, Cismin sadağası, hüsnün zəkatı Sail olan binəvaya düşərmi?!

Həcər xanım Var Həcərin gözəllikdə isbatı, Zər libasa naxış vurur xəyatı. Olar gözəllərin xumsu, zəkatı, Cavana yetişər, çala yetişməz.

II

Aşıq Ələsgər Bilmirsənmi, subay gəzmək günahdı, Şəriətə, yol-ərkana nə dedin?! Hər könül özünə bir padişahdı, Sındırdın, döndərdin qana, nə dedin?!

Həcər xanım Arif olan bu sözlərə inansın, İnciməsin ata-ana deyirəm. Anlamaz anlasın, qanmayan qansın, At sürməsin bu meydana, deyirəm.

Aşıq Ələsgər Məşəd İsə gəldi səni görməyə, Kimin nə həddi var qəlbinə dəyə; Baş əymir sərdara, sultana, bəyə, Söylə görüm, o tərlana nə dedin?

Həcər xanım İşim yoxdu dövlət ilə, var ilə, Əhdim var xudayi-kirdigar ilə. Gül xar ilə uymaz, tərlan sar ilə, Qarğa qonmaz gülüstana, deyirəm.

Aşıq Ələsgər Yüz iyiddən birin bəyən, boyun əy, Gələnin, gedənin az qəlbinə dəy! İmirzə, Məhəmməd, Dünyamalı bəy Az qalıb eşqindən yana, nə dedin?

Həcər xanım İnanma hədyana, lafi-kəzzəfa, Bu sevdaya düşən heç tapmaz şəfa. Əlac haqqa qaldı, insaf sərrafa, Yetirsin gövhəri kana, deyirəm.

Aşıq Ələsgər Aşığam, gedirəm hər xeyir-şərə, Eşitcək vəsfini yazdım dəftərə, O gümüş vəznəli gələn bəylərə Bilirsənim, sən zənana nə dedin?

Aşıq Ələsgər* Bilmirsən, ərz edim, olasan halı, Onlara möhtacdı Göyçə mahalı; Sənə müştaq oldu bəy Molla Balı, İskəndər tək ac aslana nə dedin?!

Kəsəmənli nə cür geyir papağı Sənə nə dəxli var, beymürvət yağı!? Onların köysünə çəkibsən dağı, Heç sağalmaz o nişana, nə dedin?!

Ələsgər də hər elmidən halıdı, Mövla baratıdı, öz kamalıdı. Çəkdiyim özgənin qilü-qalıdı, Axırında, mən cavana nə dedin?!

Həcər xanım Mən Həcərəm, əbrü ətlaz geymənəm, Öz-özümə sultan mənəm, bəy mənəm, Şövq əhlisən, xətirinə dəymənəm Səhv düşübsən sən pirana, deyirəm!

Aşıq Ələsgər
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.