Aşıq Ələsgərlə Aşıq Hüseyn
Aşıq Ələsgər Hərcayının, dilbilməzin ucundan Dönə-dönə mən ziyana düşmüşəm. Doymaq olmaz gözəllərin boyundan. Pərvanə tək yana-yana düşmüşəm.
Aşıq Hüseyn Qırxlar piri özü verib dərsimi, Şair cərgəsində sana düşmüşəm. Arif məclisində, alim yanında Neçə dəfə imtahana düşmüşəm.
Aşıq Ələsgər Dövlətim çox oldu, qıymadım pula, Kor oldu gözlərim, yapışdım dula. Nə ölür, nə itir, canım qurtula, Məcnun təki biyabana düşmüşəm.
Aşıq Hüseyn Bir zaman əlimdə zil bəm saz oldu, Gözəllər mənimlə üzbəüz oldu, Suyum artıq gəldi, tozhatoz oldu, İndi də yumşalıb una düşmüşəm.
Aşıq Ələsgər Ələsgər keçibdi namus, arından, Aləm yata bilməz ahu zarından. Boşasam qorxuram oğlanlarımdan, Boşaya bilmirəm, qana düşmüşəm.
Aşıq Hüseyn Özüm aşıq olub gəzirəm eldə, Qaldı həsrət gözüm əbrəşim teldə. Ələsgər danışan təşbih timsalda, Hüseyn deyər, yaman dona düşmüşəm.
II
Aşıq Ələsgər İbtida xəlq oldu külli-kainat, İnsan naqə mindi, naqə nə mindi? Gözlərin canıma salıbdı afat, Peykan kirpiklərin nə qanə mindi?
Aşıq Hüseyn İbtida xəlq oldu külli-kainat, Onda yer nə mindi, nə yerə mindi? Hüsnündən qalmadı cismimdə taqat, Nə Arif, nə Mənsur, nə Aram indi.
Aşıq Ələsgər Nə əskik din, nə artıq gül, nə dannan, Hərcayıya zəhər olmur nədən nan? Bivəfadan, müxənnəsdən, nadannan Əzəl də nə qandım, nə qanam indi?
Aşıq Hüseyn Mərd igid dünyada getməz, qaladı, Hərcayılar cismim oda qaladı, Tənə sözlər sinəm üstə qaladı, Nə kəsə bilərəm, nə yaram indi.
Aşıq Ələsgər Ələsgəri çəkməgilən yar, ala! Qayda budu: yar könlünü yar ala; Sınmış dəndan, nə yar ləbin yarala Əmmək istəyəndə nə qan, əm indi!
Aşıq Hüseyn Hüseyn düşsə cananından uzağa, Şeyda bülbül tənə vurar o zağa; Mən can dedim, canan düşdü uzağa, Nə qəlbim yaxındı, nə aram indi.