Əsas məzmuna keç

Heca şeiri

Aşıq Ələsgərə

Zəlimxan Yaqub

1

Könlümdə yaşadıb könül varımı, Sazımı eşqinlə çalmışam, ustad. Aylarla oxuyub qoşmalarını, İllərlə xəyala dalmışam, ustad.

Bağlanıb varlığım qıfılbəndinə, Tilsimdi, sehrindən qaça bilmirəm. Bağlama demisən, bircə bəndinə, Bir ömür qoymuşam, aça bilmirəm.

Ürəyin yanğısı tellərə düşüb, Cinas ilmələnib, təcnis toxunub. Yazıya düşməmiş dillərə düşüb, Ellərin dilində əzbər oxunub.

Sən elə qatmısan balı qaymağa, Dadan ləzzətindən doymur, ay ustad! Sözün şöhrətini elə, oymağa, Hamı sənin kimi yaymır, ay ustad!

Baxdım yaratdığın misraya, bəndə, Nə memar işidir, nə zərgər dedim. Dilim söz tutanda, ağlım kəsəndə, Ələsgər çağırdım, Ələsgər dedim!

Zəlimxan Yaqub
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.