Aşıq əkbərə
Əkbər əmi, ucalsa da göylərə, Səsin yerə məhəbbətin səsidir. Oxuyursan, bulaq düşür yadıma, Bu zümzümə təbiətin səsidir.
Yeri gəlsə həvəsindən ağlayan, Öz meylini ürəklərə bağlayan, Otuz ildir bir sinədə çağlayan, Könül dolu şeriyyətin səsidir.
Bu səsinlə oxu, alış, oxu, yan, Bəxtəvərdi bülbül olub oxuyan. Eşqimizi ilmə-ilmə oxuyan, Ölməz olan bir sənətin səsidir.
Çiçək kimi qoxladıqca ətrini, Zəlimxan da əziz tutur xətrini. Ellər bilir qiymətini, qədrini, Bu qəhqəhə o qiymətin səsidir.
1976, 31 iyul