Əsas məzmuna keç

Sərbəst şeir

Aşıq Ədalətə

Zəlimxan Yaqub

1

Ədalətin əllərində tut parçası – od parçası, Ədalətin nəfəsində quru taxta – ud parçası, Ədalətin xəyalında saz dünyası – naz dünyası. Ədalətə qız yerinə haqdan gələn butadı saz, Ədalətin varlığında anadı saz, atadı saz. Ədalətin yaddaşında Adəmdi, Nuhdu saz, Damarda çağlayan qandı, bədəndə ruhdu telli saz. Ədalətin ürəyində amandı, ahdı telli saz, Allah günaha yazmasın, desəm Allahdı telli saz. “Misri” çalar, yeddi rəngi yetmiş yeddi rəng eylər, “Cəngi” çalar, yerlə-göylə yaradanla cəng eylər. “Dilqəmi”si Yəhya bəydə tüstülənən dumansınız, “Kərəmi”si keşişlərə qəzəbimiz, üsyanımız. “Ruhani”si qasırğamız, “Müxəmməs”i tufanımız. Ədalətin çaldığı saz, İman yeri, güman yeri, Ümidimiz, gümanımız. Nisgilləri öz köşkünə çəkib yığan ağrıdı saz. Ədalətin oda dönən, köz-köz olan bağrıdı saz. Neçə könül kəhkəşanı, neçə könül sarayıdı, Ədalətin barmağında Köç-köç olan bir millətin, “Kərəmköçdü” harayıdı! Yer üzünün ocağını, istisini, Göy üzünün Günəşini qatdı saza, Füzuliyə qardaş oldu, Şəbi-hicran atəşini qatdı saza.

Zəlimxan Yaqub
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.