Əsas məzmuna keç

Qoşma

Aşıq Ədalət Dəlidağlıya

Zəlimxan Yaqub

1

Könül bazarında qızıl xırdala, Ləl apar, ləl apar, ay Dəlidağlı. Bağrımın başını dəli sazınla Dəl apar, dəl apar, ay Dəlidağlı.

Gəl duraq döş-döşə, sinə-sinəyə, Qataq səsimizi dağa-binəyə. Qəlbimdə xəzinə var, o xəzinəyə Əl apar, əl apar, ay Dəlidağlı.

Deyiş meydanında dillər döyüşər, Dağın tufanında sellər döyüşər. Döyüş meydanında kəllər döyüşər, Kəl apar, kəl apar, ay Dəlidağlı.

Xəstənin dərdinə dərman vaxtıdı, Padşahın hökmünə fərman vaxtıdı. Sünbülü döyməyə xırman vaxtıdı, Vəl apar, vəl apar, ay Dəlidağlı.

Çiçək çəmənindi, arı şairin, Zəlimxan, eşqidi barı şairin. Yarı aşığındı, yarı şairin, Gəl apar, gəl apar, ay Dəlidağlı.

2007, 10 noyabr

Zəlimxan Yaqub
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.