Əsas məzmuna keç

Qoşma

Aşıq Abbas

Zəlimxan Yaqub

1

Qaytar o dağların qoynuna məni, Şirin bir qaytarma çal, Aşıq Abbas. Vurduğun xallara bir də vurulum, Eylə söhbətini bal, Aşıq Abbas.

Nəğməsiz keçməsin ömrün bir anı, Tapşır o tellərə ürəyi, canı. “Dübeyti” üstündə “Alaçuxa”nı Təzədən yadına sal, Aşıq Abbas.

Dindir nəfəsinlə torpağı, daşı, Ucalsın göylərə sənətin başı. Divarqan Abbasın körpə qardaşı Ellərin qəlbində qal, Aşıq Abbas.

Könlünü toz basıb, qubar almasın, İllər köhlənini yorğun salmasın. Çıxa bilmədiyin zirvə qalmasın, Aşa bilmədiyin yol, Aşıq Abbas.

Sözünə güc versin, söhbətinə can, Qaraxaç, Başkeçid, Ləlvər, Ağlağan. Məni də hər zaman öz yanında san, Hərdən xəyallara dal, Aşıq Abbas.

Tellər qulaqların tökər pasını, Seç oxu məclisdə sözün xasını. Elə vur nadana söz yarasını, Dəyməmiş tökülsün kal, Aşıq Abbas.

Vurulub, bağlanıb uca dağlara, Çox gəlib bəzirgən, xoca dağlara. Çağır Zəlimxanı qoca dağlara, Olmamış saçları çal, Aşıq Abbas.

Zəlimxan Yaqub
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.