Əsas məzmuna keç

Heca şeiri

Arzular sabaha aparır məni

Zəlimxan Yaqub

1

Yollara vermişəm məhəbbətimi, Çoxdu dağ yolları, aran yolları. Çəkir imtahana dəyanətimi, Arabir tutanda boran yolları. Cığır çözələnib gedir sap kimi, Yeriyib sonuna çatmaq istərəm. Dərələr açılır bir kitab kimi, Oxuyub ruhuna yatmaq istərəm. Ömrün oğlançağı çıxmışam yola, Hələ ki görünmür saçımın dəni. Sevincdən az qalır gözlərim dola, Arzular sabaha aparır məni.

Cəsarət öyrədir yolçularına, Ucalıq nəğməsi deyir zirvələr. Gözüm sataşanda dümağ qarına, Qəlbimdən keçəni deyir zirvələr. Dediyim yerlərə əlim çatmayıb, Hələ imkanımın boyu bəstədir. Yarış meydanında at oynatmayıb, Könül hər addımda bir həvəsdədir. Nəfəsim bir dəli küləyə dönür, Gələndə üstümə dağların çəni. Buludun qoynunda şimşəyə dönür, Arzular sabaha aparır məni.

Təzə qanadlanır istəyim, kamım, Yoruldum sözündən xəbərim olmur. Fikirsiz, xəyalsız gələn axşamım, Duyğusuz açılan səhərim olmur. Bir kəlmə xoş söz də həyatdır mənə, Qayanı sarsıdan inadım olur. Dəyişən fəsillər, ötüşən illər Yolundan saxlamaz eşqə düşəni. İnamsız bir ömrün başına küllər, Arzular sabaha aparır məni.

1976, 1 aprel

Zəlimxan Yaqub
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.