Arzu, təvəqqe
Ulu Tanrım, bu da bir arzudu, təvəqqedi, Xoş günü, dəqiqəni, xoş saatı ver mənə. Qat-qat olan içim var, bir qata sığışmıram, Taxtını göydə quran yeddi qatı ver mənə.
Yığılan söz yığını yüz olsa qalaq-qalaq. Nə kamildi, nə bütöv, nə peyvənddi, nə calaq. Gözləri, könülləri intizardan qurtaraq, Dörd misra könül açan bir bayatı ver mənə.
Taledən üzümüzə bağlananda qapılar, Nə səni soraqlayan, nə axtaran tapılar. Çıxanda qismətimə axsaq, arıq yabılar, Arzum, muradım kimi köhlən atı ver mənə.
Yansın can, qaynasın qan, gülsün göz, coşsun ürək, Dərdi dağıtsın hava, qəmi dağıtsın külək. Yüz il mənasız ömür kimin nəyinə gərək? – Bir gün mənalı keçən xoş həyatı ver mənə.
Ömrü, günü, həyatı şirin eylə, qənd eylə, Könlümü gözəlliyə güzgü, aynabənd eylə. Nə mahal, nə məhəllə nə şəhər, nə kənd eylə, Yeri, göyü, varlığı, Kainatı ver mənə.
2005, 20 mart İsveç