Əsas məzmuna keç

Heca şeiri

Arzu

Zəlimxan Yaqub

2

Bir də gəzəm Savalan ətəklərində, Yusif ola, Səfər ola, Süleyman ola! Aşdığımız bələnlərin rəngi yamyaşıl, Üzdüyümüz lalələrin bağrı qan ola!

Bir də minəm Səreyndə köhlən atları, İldırımdan iti gedən yel qanadları. Könül aça Hüseynin zarafatları, Hər keçən gün ömrümüzdən bir nişan ola!

Zəmilərə, sünbüllərə qarışam, itəm, Çəmənlərdə çiçəklərlə göyərəm, bitəm. Hay deyəndə dostlarımın hayına yetəm, Allah verə, bəxt gətirə, bir imkan ola!

Saf duyğular işıq sala qəlbə, ağıla, Başımızdan çən çəkilə, duman dağıla. Həsrət sözü, nifrət sözü dönə nağıla, Bizi bizdən ayıranlar pərişan ola!

Körpə sevinc əl-qol ata, bələkdən çıxa, Ürəyimiz yasdan çıxa, göynəkdən çıxa. Telli sazlar qoşalaşa, köynəkdən çıxa, Təbriz ola, Çingiz ola, Zəlimxan ola!

Təbriz, 1992, iyul

Zəlimxan Yaqub
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.