Əsas məzmuna keç

Qoşma

Arxalanmışam

Zəlimxan Yaqub

2

Ana qucağına bala sığınar, Dağların döşünə qala sığınar, Arılar pətəyə, hala sığınar, Torpağım, mən sənə arxalanmışam!

Ümiddən, qayğıdan çəkim var mənim, Çiynimdə dağ boyda yüküm var mənim, Gövdəyəm, dərində köküm var mənim, Budağım, mən sənə arxalanmışam!

Gözünə işıq ver doğulan kəsin, Nurun azalmasın, odun sönməsin, Boranlı günlərdə üzün dönməsin, Çırağım, mən sənə arxalanmışam!

Şeirim gözün kimi duru görünsün, Sözümdə dünyanın nuru görünsün. Qoyma kəlmələrim quru görünsün, Bulağım, mən sənə arxalanmışam!

Arzu yollarında qalmayım geri, İlhamla yaradım nəğməni, şeiri. Nəslimin ən qədim ziyarət yeri, Ocağım, mən sənə arxalanmışam!

Zəlimxan Yaqub
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.