Arxada
Gələn gündən heç nə deyə bilmərəm, Gedən illər, aylar qaldı arxada. Birmi, beşmi... saymaq ilə qurtara, Saya gəlməz saylar qaldı arxada.
Biçinçilər qayıdardı biçindən, Yol gülərdi el-obanın köçündən, Bahar vaxtı kəndimizin içindən, Daşıb gedən çaylar qaldı arxada.
Bulaq üstə görünəndə mələklər, Sinələrə sığışmazdı ürəklər, Dəmir ellər, qaya kimi kürəklər, Çinar kimi boylar qaldı arxada.
Qızlar açmır oğulların kefini, İtirmişik gözəllərin səfini, Unutmuşuq zurnasını, dəfini, Toyçu getdi, toylar qaldı arxada.
Bu nə gündü, o günlərə tay hanı, Ürək açan həftə hanı, ay hanı, Eldən-elə, evdən-evə pay hanı, Şirin-şirin paylar qaldı arxada.
Göz yaşımı damla-damla süzmüşəm, Çox dözülməz itkilərə dözmüşəm, Bu nəsildən əllərimi üzmüşəm, O nəsillər, soylar qaldı arxada.