Artıqdı
Bir gözəl gördüm bu gün Canlarda candan artıqdı. Qaməti sərv ağacı, Zülfü reyhandan artıqdı; Qabağı ayna kimi, Qaşı kamandan artıqdı; Dodağı qaymaq təhər, Dəhanı şandan artıqdı; Gözləri dan ulduzu, Şöləsi şamdan artıqdı.
Qoşulub üç gözələ, Bağları seyran eləyir; Birisi sağında gedir, Söhbəti hər yan eləyir. Birsi solunda durub, Canını qurban eləyir; Dalınca bir özgəsi Əmrinə fərman eləyir; Özü rəiyyət balası, Hökmü sultandan artıqdı.
Şah kimi divan qurdurub, Gözəllərə cərmə kəsər. Yanaqlar lalə kimi, Çöhrəsində tellər əsər; Durna tək sığallanıb, Ürəyimi dardan asar; Ağlımı başdan alıb Ciyərimə dağlar basar; Buxaqda filfil kimi Xalı mərcandan artıqdı.
Çevrilib dörd yanına, Deyəsən ki tərlan baxır; Çalmasını əyri çalıb, Telləri altından çıxır; Zülfünə şanə çəkib, Gözlərinə sürmə yaxır; Qoynu cənnət bağıdı, Müşk ilə ənbər qoxur; Boyu xoş bənövşədən, Ətri süsəndən artıqdı.
Yeridikcə ikram elər, Zərli corab gül başmağa; Hər tərəf yaxa pulu, Adət edib oynaşmağa; Ləbləri məzələnib, Daldalanıb zər yaşmağa; Mələklər həya eylər Üzbə-surət danışmağa; Görmədim bərabərin, Deyəm ki, bundan artıqdı.
Tovuz kimi sığallanıb, Zər-ziba əlbət geyinib; Hər zaman bəzəkli gəzir Eyləyib adət, geyinib; Gümüş kəmər incə belə Qurşanıb, rahat geyinib; Qənövüzdən dizliyi var, İpəkdən xələt geyinib; Tərifi düşüb ellərə Şuru cahandan artıqdı.
Gül üzə ayna tutub, Qələm qaşı əymələdi; Tellərinə şanə çəkib, Gözlərini sürmələdi; Açılmışdı ağ sinəsi, Məni görüb düymələdi; İstədim irəli gedim, Yoldaşları hərbələdi; Dedilər: yaraşmazsan- Bu xanım səndən artıqdı.
Çəkəndə dəstəsini, Yeriyəndə xanasına; Zülf dəyər topuğuna, Oxşar göllər sonasına; Qızıl üzük xub yaraşır Ağ əllərin xınasına; Maşallah, səd afərin Bu gözəlin anasına! Doğubdu insan deyin, Huri-qılmandan artıqdı.
Kəklik tək səkə-səkə Yüz işvə-nazla yeriyir; Könlümə bahar gətirir, Çiçəkli yazla yeriyir; Pişvaza Aşıq Ələsgər Əlində sazla yeriyir; Bülbül tək cəh-cəh vurur, Bir xoş avazla yeriyir; Ona bu günkü məclisi Cəmi dövrandan artıqdı.