Əsas məzmuna keç

Qoşma

Arsız-arsız yaşayıram dünyada

Zəlimxan Yaqub

1

Canım çıxdı quraqlığın əlindən, Yaylağım yox, yağışım yox, qarım yox. Kölgəsində sərinlənib qalmağa, Ağacım yox, yarpağım yox, barım yox.

Tanrım, mənə nələr yazdı qismətim, Zərrədən də min qat azdı qismətim. Bir təhqirdi, bir qapazdı qismətim, Bundan özgə xeyirim yox, karım yox.

Torpağımı kəsən, tökən qayçı var, Bir payımdan, min pay çıxan payçı var, Düdükçü var, zurnaçı var, züyçü var, Şuşam yoxdu, muğamım yox, tarım yox.

Çaqqal çöldən çəkdi yedi, it evdən, Çılpaq qaldı, çıxammadı lüt evdən. Nəyim qaldı bölünməzdən, bütövdən? Yarım varsa, yarım yoxdu, yarım yox.

Nələr salır haray yada, ün yada? Qarabağda işıq verir gün yada. Arsız-arsız yaşayıram dünyada, Arım yoxdu, arım yoxdu, arım yox!

Zəlimxan Yaqub
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.