Əsas məzmuna keç

Qoşma

Araz kənarında

Zəlimxan Yaqub

1

Hər yerdə dağları yaşıl görmüşəm, Araz kənarında sarıdı dağlar. Burda ürəyimin dağı, düyünü, Burda saçlarımın qarıdı dağlar.

Can atdım qoynuna, uça bilmədim, Heç nəyi görüşdən uca bilmədim. Açdım qollarımı, quca bilmədim, Yetim uşaq kimi zarıdı dağlar.

Göynədi səsimdən hər daş, hər qaya, “Araz, Araz” deyib yalvardım çaya. Dedim yaylığımı apar o taya, Bəlkə, yarasını sarıdı dağlar.

Könül nəğməsini endirməz pəsə, Verərəm canımı can deyən kəsə. Dilindən öpərəm, hər kim söyləsə, “Daha taleyindən yarıdı dağlar!”

Zəlimxan Yaqub
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.