Əsas məzmuna keç

Qoşma

Arasındasan

Zəlimxan Yaqub

1

Ey insan, hayana qaçırsansa, qaç, Savabla günahın arasındasan. Sağında gündüz var, solunda gecə, Axşamla sabahın arasındasan.

Gündə bir qorxu var, gündə bir hədə, Hər gün dərinləşir ürəkdə zədə. Həyatla döyüşdə, mübarizədə, Səngərlə silahın arasındasan.

Nəfsidir, insanı döndərir ova, Kimin hünəri var qapıdan qova? Oğulsan əl atma yağlı plova, Aş ilə tamahın arasındasan.

Vaxt səni döndərər ota, alafa, Ha yalvar, yırtıcı gəlməz insafa. Mədəsi dəyirman, ağzı kalafa, Pələnglə timsahın arasındasan.

Açdılar, açılmaz sirrin yox sənin, Soydular, soyulmaz dərin yox sənin. Allahdan yuxarı yerin yox sənin, Bəndəylə Allahın arasındasan.

Zəlimxan Yaqub
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.