Əsas məzmuna keç

Qoşma

Aralı

Zəlimxan Yaqub

2

Dolansa da sinəsində göylərin, Yuva qurmaz quş budaqdan aralı. Nəğmələr var ürəyimdə, qanımda, Bulaq olmaz gur bulaqdan aralı.

Bağçamızın beşi heyva, üçü nar, Yada düşdü o kölgəlik, o çinar. Könlüm yenə yarpaq kimi uçunar, O çiçəkdən, o yarpaqdan aralı.

El-obadan çəkilərmi nəzərim, Onsuz mənim nə bəxtim var, nə zərim. Eldən ayrı necə yanım, közərim, Göz olarmı gur ocaqdan aralı?!

Divar nədir, özül bilər, him bilər, Mizrab nədir, pərdə bilər, sim bilər. Zəlimxanı kim tanıyar, kim bilər, Bu Vətəndən, bu torpaqdan aralı!

Zəlimxan Yaqub
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.