Aqil, gəl bəri, gəl bəri
Aqil, gəl bəri, gəl bəri, Gir könülə nəzər eylə. Görür göz, eşidir qulaq, Söylər dilə nəzər eylə.
Başdır gövdəyi götürən, Ayaq mənzilə yetirən, Dürlü məsləhət bitirən İki ələ nəzər eylə.
Sufi isən, alıb satma, Hilalına haram qatma, Yolun əyrisinə getmə, Doğru yola nəzər eylə.
İki əlin qızıl qanda, Çox günahlar vardır məndə, Ya ilahi, kərəm səndə, Düşgün qula nəzər eylə.
Xətayi aydır: – Ya ğəni, Verən mövla alır canı, Əvvəl kəndi-kəndin tanı, Sonra elə nəzər eylə.
Lüğət: Ayaq – qədəh, piyalə; Sufi – səqərlat – sufilərin geydiyi yun paltar; Qanda – harada; Mövla – ağa, yiyə; Kəndi – özü