Əsas məzmuna keç

Qoşma

Aparsın

Zəlimxan Yaqub

3

Kim gedəndə məzarımın üstünə, Nə gül dərsin, nə çiçəklər aparsın. Dodağında Quranın bir ayəsi, Ürəyində xoş diləklər aparsın.

Dağ döşündə yaralanmış ahuyam, Dərd evinin, qəm mülkünün şahıyam. Dağ yandıran Füzulinin ahıyam, Hesabını qoy fələklər aparsın.

İgid canım, şəhid canım, mərd canım, Ağrılara möhkəm canım, sərt canım. Qoyma səndə meydan aça dərd, canım, Dərdin varsa, ver küləklər aparsın.

Dünya şeytan, dünya meydan, dünya qan, Baxıb gördük dünya axşam, dünya dan. Bir gün məni aparanda dünyadan, Qoy ya ruhlar, ya mələklər aparsın.

At büdrədi, meydan getdi, ər itdi, Ay Zəlimxan, yan, qəlbini ərit, di. Keçmişimi qara torpaq əritdi, Sabahımı gələcəklər aparsın.

2008, 15 fevral

Zəlimxan Yaqub
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.