Aparma
Mən ki təzə bir dünyaya düşmüşəm, Qurban olum, məni burdan aparma. Qışdan yaza, yazdan yaya düşmüşəm, Qurban olum, məni burdan aparma.
Yaylaq olum, yamac olum, döş olum, Qaya olum, mamır olum, daş olum. Bir qayanın yanağında yaş olum, Qurban olum, məni burdan aparma.
Çiçək olub öpülmüşəm bu yerdə, Toxum olub səpilmişəm bu yerdə, Dünya nədir, mən bilmişəm bu yerdə, Qurban olum, məni burdan aparma.
Çəmən olum, qədəmlərə sərilim, Meyvə kimi şirinləşim, dərilim, İnsaf elə, yavaş-yavaş dirilim, Qurban olum, məni burdan aparma.
Azım qalım, itim qalım bu yerdə, Bir bucaqda bitim qalım bir yerdə, Yalqız qalım, yetim qalım bu yerdə, Qurban olum, məni burdan aparma.
Ömür təkcə şöhrət deyil, ad deyil, Çaxnaşmalar görən könlüm şad deyil, Bu yerlərdə heç nə mənə yad deyil, Qurban olum, məni burdan aparma.
Tufan qopsun, köklərimi qoparsın, Dəniz coşsun, sinəm üstə qabarsın, Aparanda ölüm gəlsin aparsın, Qurban olum, məni burdan aparma.