Əsas məzmuna keç

Müxəmməs

Aparır

Aşıq Ələsgər

1

Mərd iyidin məclisindən Aşıq gəlir, at aparır; Tər tökür, zəhmət çəkir, Açır hər büsat, aparır; Bu dünyanın şöhrətini Demə biisbat aparır; Mərdlərə canım sadağa, Zəhləmi bədzat aparır.

Ölmək var, dirilmək var, Qail ol miyata, gedən! Qəlbində şeytan mətahın Alıb sata-sata gedən! Sirat əl-müstəqim ilə Tapar səni xata, gedən! Zülm ilə, sələm ilə Yığıb ziyarətə gedən! Ziyarətə getmək deyil, Urusa sursat aparır.

Bilirsən ki, ölüm haqdı, Bu nə təlaşdı dünyada?! Kimi gördün ki, qəzadan Qurtardı, qaşdı dünyada?! Çoxlarını fələk qoyub Gözü qan-yaşdı dünyada. Səxavətsiz dövlət, bilin, Barsız ağacdı dünyada; Nəfi yox, zəhməti çox, Sel gəlir, afat aparır.

Ovçusan, bərədə dur, Maral gəlir, at keçməsin. Möminsən, qafil olma, Vaxtı-ibadət keçməsin. Tülkü gəlib aslan olub, Eşşək gəlib at keçməsin. Müxənnət ilə namərdin Əlinə fürsət keçməsin; Halalı harama qatır, Şeytana sovqat aparır.

Sözümün bir parasını, Saxlamışam xəlvətdədi; Zamana müxənnət olub, Sur indi müxənnətdədi. Bir az namus gözləyənin Axır, boynu kəmənddədi; Dünyada "iyidəm" deyən Ölüb, ya qəzəmətdədi; Bu dünyanın ləzzətini, Bilin, biqıryat aparır.

Qılışdı* qardaşlıqlarım Dedi bir dana, vermədi; Çarx dolandı, iqbal yatdı, Döndü zamana, vermədi; İsmayıl ilə İrvaham Mərdü mərdana vermədi; Sarıdaşlı** Bayramalı Qaçdı pünhana, vermədi; Aşığın danasın vermir, Yüz manatın tat aparır.

Ələsgərəm, vəsf elərəm, Budu təlaşım Xanlara***; Şahi-Mərdan kömək olsun Əziz qardaşım Xanlara! Hatəm kimi mətləb verir Düşəndə işim Xanlara; Nə ki aşıq gördüm deyir: Qurbandı başım Xanlara! Kimisinə mal bağışlar, Kimi yüz manat aparır.

Aşıq Ələsgər
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.