Əsas məzmuna keç

Heca şeiri

Anamın gileyi

Zəlimxan Yaqub

1
Ay oğul, evə gələndə bir imkan tap, bizlə də söhbət elə. İçəri girən kimi çəkilirsən otağına. Bu qədər yazmaqdan, oxumaqdan, telefonla danışmaqdan nə tapmısan?

Səninlə az danışıb, az dinirəm, ay ana, Sən bunu məndən ötrü günah sayma, savab say. Öz-özümlə o qədər dərdləşib danışmışam, Ömrümü əyləncə yox, başdan-başa əzab say.

Sinəm güllə hədəfi, könlüm dərdlər önündə, Ömrüm çətin sınaqlar, ağır şərtlər önündə. Hələ ki, dayanmışam bu namərdlər önündə, Odda yanan bağrımı köz üstündə kabab say.

Ağrılar eşir məni kotan kimi, xış kimi, Dərd dondurur buz kimi, qəm üşüdür qış kimi. Suallar başım üstə hey yağır yağış kimi, Hər an keçən vaxtımı bir suala cavab say.

Məni qəmli görəndə gözü dolanlar da var, Məndən ötrü gül kimi açıb solanlar da var. Qanımı içmək üçün hazır olanlar da var Göz yaşımı mürəkkəb, al-qanımı şərab say.

Şeiri mən yazmıram ki, eşqin şahı yazdırır, Sözün öz tanrısı var, öz Allahı yazdırır. Yazılan hər kitabı eşqin ahı yazdırır, Hər günümü bir varaq, hər ilimi kitab say.

Gecə-gündüz qovrulur ürək yağın içində, Can möhnətin, göz yaşın, sinə dağın içində. Elə bilmə gəzirəm kef-damağın içində, Mənə verilən ömrü ən böyük iztirab say.

Əyləşib dincəlməyə taxtımmı var, ay ana? Əylənməyə, söhbətə vaxtımmı var, ay ana? Vaxt sarıdan qismətim, baxtımmı var, ay ana? Vaxtı gəzib tapmağı ən müşkül bir hesab say. Səninlə qoy sözlərim, şeirlərim danışsın, Qəlbimin hər telini bir könüllü rübab say!

Zəlimxan Yaqub
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.