Anam ağlayanda
Dedim, qəmsiz insan yoxdu dünyada, İnsan bir bu qədər ağlamaz, ana! Köhnə yaraları gətirib yada, Övlad ürəyini dağlamaz, ana!
Şikayət edirsən öz taleyindən: “Anam ölüb getdi, bəs atam hanı?! Ata qayğısına çox həsrətəm mən, Onlardan aldığım arzu-kam hanı?!”
Nəmli bulud kimi dolursan hərdən, Özün öz halına layla çalırsan. Vaxt olur yorulub, dincəlib bəzən Xəyallar qoynunda fikrə dalırsan.
Qardaş baxışları yada düşəndə, Süzülür gözündən yaş gilə-gilə. Kədərdən bir dünya yaranır səndə, Sonra bayatını çəkirsən zilə.
Bir at mindim, başı yox, Bir çay keçdim, daşı yox. Cavan yaşlı ananın İstəkli qardaşı yox.
Ana, əziz ana, neyləyim ki, mən Nə atan, nə anan, nə qardaşın var. Ah-vay fayda versə onu bil ki, sən Ağlaram, yaşımdan dərya yaranar.
Gül, ana, gül, ana, ağlama, bəsdi, Axı ağlamağın nədi faydası. Deyinmək, sızlamaq artıq əbəsdi, Belədi dünyanın qanun-qaydası.
Gül, ana, gül ana, ürəkdən sevin, Bir cüt nazlı qızın, üç əsgərin var. Övlad nəfəsiylə isinir evin, Əməlin daha da olur bəxtiyar.
1968, 4-5 aprel