Əsas məzmuna keç

Heca şeiri

Analar bilir

Zəlimxan Yaqub

1

Onsuz da anamın qayğısı çoxdu, Dərd adlı düşməni, yanğısı çoxdu. Qəlbini yandıran bayatıları, Dilimi göynədən ağısı çoxdu. Mənə qəfil gələn bu ağrıları Anama deməyin, anam bilməsin!

Kimin çiynindədi yükün ağırı, Qəm-möhnət həmişə onu çağırı. Mənim bir balaca sınıxmağım da Yumağa döndərər ana fağırı, Anama deməyin, anam bilməsin!

Bəd xəbər qanadlı bir quşa dönüb Kəndimizə doğru uçmaq istəsə, Hələ açılmamış səhərin gözü, Bağlı qapıları açmaq istəsə, Bütün bərələri, bütün yolları, Bütün keçidləri bağlayın, kəsin. Bir yaman xəbəri, bir çətin sözü, Anama deməyin, anam bilməsin!

Analar bilməsin qəm-kədər nədir, Analar bilməsin bəd xəbər nədir. Eh... mənim fikrimə, xəyalıma bax, Elə doğrudan da uşağam, uşaq. Analar bilmirsə bəd xəbərləri, Dünyanı başına götürüb gəzən Bu qədər yanıqlı nəğmələr nədir? Gözündən nə qədər uzaq olsa da, Övladın gününü, güzəranını Havadan oxuyur, buluddan bilir. Yozur yuxuları, yaxşıya, pisə, Səsdən soraqlaşır, sükutdan bilir. Göynəkli həsrətlər, üzücü qəmlər, Puç olan arzular harda var, bilir. Harda yas qurulur, harda vay düşür, Harda ocaq sönür, hay-haray düşür, Dünyada birinci analar bilir! Dünyada birinci analar bilir!

Zəlimxan Yaqub
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.