Əsas məzmuna keç

Qoşma

Ana sevinəndə

Zəlimxan Yaqub

1

Quruyur, kəsilir gözdəki yaşlar, Dayanır qırğınlar, kəsir savaşlar. Sevincin önündə əyilir başlar, Ana sevinəndə Allah sevinir.

Qanqal çiçək olur, tikan gül olur, Durna qanadından dərd yüngül olur. Dünya bir can olur, bir könül olur, Ana sevinəndə Allah sevinir.

Yuyulur tərtəmiz suçlar, günahlar, Çəkilmir tətiklər, atmır silahlar. Sevən könülləri göynətmir ahlar, Ana sevinəndə Allah sevinir.

Duyur hər sevilən baxışı göylər, Vurur gözəlliyə naxışı göylər, Vaxtında yağdırır yağışı göylər, Ana sevinəndə Allah sevinir.

Bu hissə qəlbimi verib duymuşam, Sevinci gül kimi dərib duymuşam. Neçə yol gözümlə görüb duymuşam, Ana sevinəndə Allah sevinir.

Həyat nə nifrətdir, nə kindir, oğlum, Sevgi ən müqəddəs bir dindir, oğlum, Oğulsan Allahı sevindir, oğlum, Ana sevinəndə Allah sevinir.

2010, 13 iyul

Zəlimxan Yaqub
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.