Amerika
Böyükdür bu ölkə, alidir bu ölkə, Elə bil Allahın əlidir bu ölkə. Öyrənən öyrənsin, götürən götürsün, Dünyanın tərəqqi yoludur bu ölkə. Yadlarla doğmalar qaynayıb-qarışıb, Gələnlə, gedənlə doludur bu ölkə. Sağalıb köhnədən vurulan yaralar, Gəlib bir araya ağlarla qaralar. Bu yeri kim verib bəşərin oğluna? Bu yeri kim salıb Kolumbun ağlına? Sərxoşdur, meyxoşdur, azaddır insanı, Uçan var, qaçan var, sürünən, ölən var, Təpədən dırnağa təzaddır insanı. Qorxu yox onunçün nə Hinddə, nə Çində, Ölkələr, dövlətlər əmrinə müntəzir, Dünyanın hər yeri ovcunun içində, Haranı istəsə uçurur, sökdürür, Haranı istəsə beş günə çökdürür, Haranı istəsə yaradır, yaşadır, Haranı istəsə dağıdır bu ölkə. Bir olan Allahın xətrinə dəyməsin, Dünyanın allahlıq çağıdır bu ölkə.
2001, iyun Nyu-York