Əsas məzmuna keç

Heca şeiri

Aman, Allah

Zəlimxan Yaqub

2

Adəm bir buğda yemişdi, İndi zəmi yeyənlər var. “Ac qalmışam” deyə-deyə Bu aləmi yeyənlər var, İştaha bax, aman Allah!

Daş da olsa əridəsi Başdan hündür qarınlar var. Hazırına nazir olan Qarın yüklü harınlar var, Tamaha bax, aman Allah!

Bircə qarış torpaq üstə Öldürənlər, ölənlər var. Xalqı alıb çörək kimi Tikə-tikə bölənlər var, Günaha bax, aman Allah!

Bir əjdaha ağız açıb, Çaylar ona bəs eləmir. Hələ ki ağzı sudadı, Çox hündürdən səs eyləmir, Timsaha bax, aman Allah!

Bu dəyirman dəni yedi, Keçib bizi üyütməyə. Basılmalı düymələr var, Dərdimizi böyütməyə, Silaha bax, aman Allah!

Qurdalasa, qurdu çıxar, Dərinə getmək istəmir. Üzü yerdən elə dönüb Bizi eşitmək istəmir. Allaha bax, aman Allah!

Zəlimxan Yaqub
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.