Altında
Kim biganə baxa bilər bu doğranmış budaqlara, Solub getmiş diləklər var solan yarpaqlar altında. Ağızlara qıfıl vurdu qəfil qalxan qasırğalar, Deyilməmiş sözlər yatır donmuş dodaqlar altında.
Qara geymiş bir xəyanət addım-addım gəzir bizi, İntizarın gücünə bax, hey üzdükcə üzür bizi. Başımızı qaldırantək sızır bizi, əzir bizi – Yumruqlar başlar altında, tikan dırnaqlar altında!
Dosta aydın, yada bəlli yağıların qəsdi daha, Birə dözdük, yüzə dözdük, minə dözmək nəsdi daha. “Papaq altda oğullar var” – dediyimiz bəsdi daha, Belə gündə oğul varsa, qalmaz papaqlar altında!
Qana batdı yaşıl çəmən, zərif çiçək güllələndi, Neçə arzu, neçə ümid, neçə ürək güllələndi, Əqidələr yaralandı, inam, məslək güllələndi, Torpaq üstə can verənlər yatır torpaqlar altında!
Vətən, bir də başın üstə qara bayraq taxılmasın, Dədəm Qorqud dayaq olsun, qara dağın yıxılmasın. Şəhidləri verən xalqım, qoy ürəyin sıxılmasın, Şəhidi olmayan torpaq qalar tapdaqlar altında!