Allahlıq
Xəyalımda at oynadır fikirlər, Şər qarışır, gecə düşür, dan atır. Allah dönüb bəndə olmaq istəmir, Bəndə hər gün allahlığa can atır.
Allah enə allahlıqdan aşağı, Gələ biznən çörək yeyə, çay içə. Bəndə qalxa üfüqlərin fövqünə, Su yerinə ulduz içə, Ay içə!
Yox, yox, Allah, qəbul etmə sözümü, Sən zəmisən, bəndə sünbül, bəndə dən. Uçurmamış koma qoymaz dünyada, Allahlığı uzaq eylə bəndədən.