Allahın verdiyi bir canınız var
Ölüm axır deyil, ölüm son deyil, Ağlayan çöhrələr, güləcəksiniz. Quru yaylıqları gözlərə çəkib, Nəmli kirpikləri siləcəksiniz.
Əsib səhralarda yel qanadında, Axıb dərələrdə sel qanadında, Çiçək yarpağında, gül qanadında Yenidən dünyaya gələcəksiniz.
Dərdiniz, yükünüz, hicranınız var, Köçhaköç vaxtınız, hicr anınız var. Allahın verdiyi bir canınız var, Onu da torpaqla böləcəksiniz.
2006, 10 yanvar