Allahın altı geniş, zamanın səbri böyük
Şeirin, sözün rəsmini sən öz əllərinlə çək, Uca dur, yüksəkdə qal, tanrının varlığıtək. Qoy səni qorxutmasın nə fırtına, nə şimşək, Sellərin qabağını kəsə bilməz kör-kötük, Allahın altı geniş, zamanın səbri böyük.
Hər gün qarşılaşmışıq mərd ilə, namərd ilə, Yumşaqla yumşalmışıq, sərt olmuşuq sərt ilə. İnsanıq, doğulmuşuq sevinc ilə, dərd ilə, Çəkib aparmalıyıq ağır olsa da bu yük, Allahın altı geniş, zamanın səbri böyük.
Nə təntiyib tələsməz, nə gecikib ləngiməz, Sərt yoxuşlar çıxanda gur nəfəsi təngiməz. Əbədiyyət yolçusu daim yanar, səngiməz, Xırdalar, xırdalıqlar od ağzında yanan tük, Allahın altı geniş, zamanın səbri böyük.
2006, 6 noyabr