Əsas məzmuna keç

Poema

Allahım, mənə bir ağsaqqal yetir

Zəlimxan Yaqub

1

ALLAHIM, MƏNƏ BİR AĞSAQQAL YETİR

Allahım, mənə bir ağsaqqal yetir, Ona söylənəsi ağrım, acım var. Oğul deyə-deyə sızlayan anam, Qardaş deyə-deyə yanan bacım var. Havalı dağların havası kimi, İnsanı yaşadan hava, su kimi, Bu gün ağsaqqala ehtiyacım var, Allahım, mənə bir ağsaqqal yetir!

Allahım, mənə bir ağsaqqal yetir, İstər yerdən çıxart, özün bilərsən, İstər göydən endir, özün bilərsən, Məsləhət sənindir, özün bilərsən. İstər Cavanşiri qaldır yerindən, İstər Xətaini təzədən gətir. Yarat nəvəsini Dədə Qorqudun, Qədim tarlamıza təzə dən gətir. Baş ver, başımızda tac ola bilsin, Ruh ver, qolumuzda güc ola bilsin. Sevgi ver, dost ilə könül bağlasın, Nifrət ver, düşməndən öc ala bilsin. Özünü tox görüb harınlaşmasın, Xalqı ac görəndə ac ola bilsin.

Dönsün nəsillərin ziyarətinə, Məkkə ola bilsin, Hac ola bilsin. Ayrı-seçkiliyin, tayfabazlığın, Taxtını biryolluq devirmək üçün, Adamı insana, kütləni xalqa,

Tayfanı millətə çevirmək üçün, Allahım, mənə bir ağsaqqal yetir!

Palıd elə yanır, elə qovrulur, Salamat bir quru çöp ələ gəlmir. Düyün tilsimlidi, kələf dolaşıq, Yumaq dığırlanır, ip ələ gəlmir.

İpi suya verib, böyüklərimizin Çiynində dağ olub bu yüklərimiz. Bütün ürəklərin arzularını Bir sinə altında yerləşdirməyə, Bütün inamları, əqidələri Bir bayraq altında birləşdirməyə, Allahım, mənə bir ağsaqqal yetir!

Bir şair oğluna dəyən güllənin, Bir xalqın qəddini əyən güllənin, Hər gün başımızın üstündən keçib, Hər gün qapımızı döyən güllənin, Ağrısı, göynəyi, sızıltıları Prezident oğluna, nazir oğluna, Deputat oğluna yer eləmirsə, Yerini, yurdunu başda seçənlər, Yerindən, yurdundan ar eləmirsə, Bu xalqın çörəyi, bu xalqın suyu, Kəmfürsət gözünü kor eləmirsə, “Atılan toplara diksinməyənin”, Top da qulağını kar eləmirsə, Allahım, mənə bir ağsaqqal yetir!

Üzmüşəm əlimi yerdəkilərdən, İlahi, göylərdən bir kişi göndər. Min ildi Savalan dağında yatan, Hələ ayılmamış dərvişi göndər.

Gəlsin bu günümə yel qanadıyla, Gəlsin bu günümə köhlən atıyla. Qoy bilsin, qəm səpib, dərd əkirəm mən, Qoy görsün günümü, nə çəkirəm mən. Qeyrət qılıncını sıyıra, bəlkə, Yaxşını yamandan ayıra, bəlkə. Qurula meydanda haqq tərəzisi, Çəkə ağılları, çəkə başları. Layiq olanları taxta qaldıra, Taxtından endirə yekəbaşları, Allahım, mənə bir ağsaqqal yetir!

Allahım, mənə bir ağsaqqal yetir, Düşmənə yem olan bir məmləkəti Yağılar dişindən saldıra bilsin! Dərələr dibinə düşən milləti, Dağlar zirvəsinə qaldıra bilsin! “İstiqlal marşı”yla səfərbər olub, Qələbə himnini çaldıra bilsin! Allahım, mənə bir ağsaqqal yetir! Allahım, mənə bir ağsaqqal yetir!

Zəlimxan Yaqub
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.