Əsas məzmuna keç

Heca şeiri

Allahdan qorxmasaydım

Zəlimxan Yaqub

1

Günəşin doğan çağı qarşıma mələk çıxıb, Nə mübarək səhərdi, nə gözəl sabahdı bu. Hardan bildi bu yerdən şair gəlib keçəcək, Bəlkə xəbər verən var, sirrimdən agahdı bu?

O yetən kamilliyə heç bir gözəl yetişməz, Bahadı, dəyərinə qiymətdə ləl yetişməz, Dindirsən dilə gəlməz, uzatsan əl yetişməz, Nə uca taxt sahibi, nə ulu dərgahdı bu.

Xoşbəxtlik kimə bütöv, kimə kəm-kəsir düşür, Bu ilahi gözəllik bəxtə mində bir düşür. Qızların baxışına oğullar əsir düşür, Burda əsir olmamaq – ən böyük günahdı bu.

Nələr gördü gözümüz bu dünyada, eh... nələr, Gözəllik sərgisində çox dəyişib səhnələr. Qızlar qarıya dönüb, dəbdən düşüb köhnələr, Təzə çıxıb taxtına, təzə padişahdı bu.

Zirvə Tanrı yanında, kim çatmaya, kim çata, Odur hərəkət verən bu boyda Kainata. Şair gözündə od var, gözəl gözündə xata, Allahdan qorxmasaydım, deyərdim Allahdı bu.

2005, 27 yanvar

Zəlimxan Yaqub
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.