Allah səni pənahında saxlasın
Ömrüm boyu duaçınam, ay gözəl, Allah səni pənahında saxlasın. Oruc tutub, namazını qılmışam, Allah səni pənahında saxlasın.
Hər qaşında Quranın bir ayəsi, Sevilməkdi insanlığın qayəsi. Üzərindən çəkilməsin sayəsi, Allah səni pənahında saxlasın.
Mən nə şaham, nə şahlıqda vəzirəm, Eşqin ilə dərviş olub gəzirəm. Səndən ötrü məclislərdə nəzirəm, Allah səni pənahında saxlasın.
Nə Tanrıyam, nə Allaham, nə dinəm, İcazəsiz nə danışam, nə dinəm. Vaqif demiş: sən ey Məkkəm, Mədinəm, Allah səni pənahında saxlasın.
Tur dağında, Musanın Tur eşqinə, Məhəmmədin alnında nur eşqinə, Quran, İncil, Tövrat, Zəbur eşqinə, Allah səni pənahında saxlasın.
Sevgi sözü əqidədi, inamdı, Sevən kəslər peyğəmbərdi, imamdı. Bəlkə, bu gün mənim ömrüm tamamdı, Allah səni pənahında saxlasın.
Belə gülü hər gülüstan bitirməz, Hər torpaq da bu neməti yetirməz. Zəlimxansız dünya bir şey itirməz, Allah səni pənahında saxlasın.