Allah evində
Uçur, qanadlanır Allaha doğru, İnsan bir quş olur, Allah evində! Duyduğu, gördüyü, fikirləşdiyi, İnsana nuş olur, Allah evində!
Qüdrətdən xəlq olub, nur doğulubdu, Möcüzə yaranıb, sirr doğulubdu, Burda Əli kimi şir doğulubdu, Könüllər xoş olur, Allah evində!
Quşun lələyindən yüngül olur can, Durulub damarda nura dönür qan. İncəlir, kövrəlir, saflaşır insan, Yanaqlar yaş olur, Allah evində!
Allahdan güc alır hər yanda insan, Cahandan böyükdü cahanda insan. Qara daş sehrini duyanda insan, Heyrətdən daş olur, Allah evində!
Qızıl qapılarla öpüşən günü, Ən uca arzuyla tapışan günü, Kəbənin qulpundan yapışan günü, Bir ömür beş olur, Allah evində!
Şərəfdi insanın dağlar aşması, Ruhun kükrəməsi, qəlbin daşması. Bəndənin Allahla yaxınlaşması Ən böyük iş olur, Allah evində!
Doymazsan, bir dəfə baxsan da azı, Silinməz tarixdi, pozulmaz yazı. Kəbənin içində qılsan namazı, Hər şeydən baş olur, Allah evində!
Məkkə – Bakı, 1994, avqust