“Allah” deyə-deyə böyüyür insan
Yapışır Haqqından, Yaradanından, Haqqı öyə-öyə böyüyür insan. Döyülə-döyülə qalxır, bərkiyir, Şəri döyə-döyə böyüyür insan.
Körpə ürəyində nə kin, nə acıq, Qəlbinin qapısı Allaha açıq. Aranda otaqdı, dağda alaçıq, “Yurd-yurd” deyə-deyə böyüyür insan.
Kədəri buludda, göz yaşı suda, Ümidi Yaradan, gümanı Xuda. Ağrı çəkə-çəkə, dərd uda-uda, Acı yeyə-yeyə böyüyür insan.
Tənə vurur nadan, daş vurur naşı, İçinə süzülür gözünün yaşı. Dəyir ürəyinə dərd addımbaşı, Dərdə dəyə-dəyə böyüyür insan.
Ayların, illərin ağrısı canda, Döyünür damarda, çırpınır qanda. Taxtı çevriləndə, baxtı yatanda, Bəxtə söyə-söyə böyüyür insan.
Seçir ağıllını, seçir dəlini, Ələkdən keçirir öz əməlini. Heç vaxt Allahından üzmür əlini, “Allah” deyə-deyə böyüyür insan.
2005, 29 yanvar