Alın yazısı
Tanışdımı yazı sana, Bax alnımın yazısına, Bax bir Allah rizasına, Gör bir orda nə yazılıb?
Gizlidimi, bəllidimi, Dərddimi, təsəllidimi, Misalların həllidimi, Gör bir orda nə yazılıb?
Nə yazıdı – yozmaq olmur, Nə yazıdı – pozmaq olmur, Əl xəttiylə yazmaq olmur, Gör bir orda nə yazılıb?
Qalmaq, yoxsa, bürünməkdi, Batmaq, yoxsa görünməkdi, Uçmaq, yoxsa sürünməkdi, Gör bir orda nə yazılıb?
Sevinc çoxdu, yoxsa ələm, Qılınc yazıb, yoxsa qələm, Neçə hərfdi, neçə rəqəm, Gör bir orda nə yazılıb?
Görən, duyan tapılmadı, Açan, soyan tapılmadı, Bir oxuyan tapılmadı, Gör bir orda nə yazılıb?
2006, 7 fevral