Aldı vaxtımızı dost məclisləri
Aldı vaxtımızı dost məclisləri, Kimlər mey içində məst olmadılar? Badə qaldırdılar dost sağlığına, Heyif ki, çoxları dost olmadılar.
Bizə özgələrin yetməzdi gücü, Döydü öz dolumuz öz dənimizi. Biz orda eşitdik badalaqları, Biz orda qazandıq düşmənimizi.
Qatilə, xainə döndü bir nəfər, “Dostun” fitvasıyla dost dara düşdü. Biz onu vaxtında tanıyammadıq, Onun da günahı dostlara düşdü.
Aldı vaxtımızı dost məclisləri, Aqillər, müdriklər qazandıq orda. Şərab əvəzinə dost qanı içən, Kafirlər, müşriklər qazandıq orda.
Sən giley adamı deyilsən axı, Çox da xırdalanıb getmə dərinə. Zəlimxan, gur səsin, qaynar nəfəsin, Ən böyük zərbədi düşmənlərinə.
2006, 2 yanvar